» » » Fiziki şəxslərin əməkhaqlarından gəlir vergisinin tutulması

Fiziki şəxslərin əməkhaqlarından gəlir vergisinin tutulması

posted in: Xəbər | 0
birbank biznes

Fiziki şəxslərin əməkhaqlarından icbari tutulan gəlir vergisinin hesablanması, eləcə də gəlir vergisinə tətbiq olunan güzəştlər ilə bağlı yaranan bəzi suallara insan resurslarının idarə olunması mütəxəssisi Nihad Əliyev aydınlıq gətirir.

Vergi Məcəlləsinə 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş dəyişikliklərə əsasən, fiziki şəxslərin gəlir vergisinin tutulması ilə bağlı iş yerləri iki kateqoriyaya ayrılıb:

  • neft-qaz və dövlət sektoru;
  • neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən iş yerləri.

Neft-qaz və ya dövlət sektorunda çalışan fiziki şəxslərin gəlir vergisi üzrə tariflər bu cədvəldə qeyd olunan kimidir:

Vergi tutulan aylıq gəlirin məbləği Verginin məbləği
2.500 manatadək 14 faiz
2.500 manatdan çox olduqda 350 manat + 2.500 manatdan çox olan məbləğin 25 faizi

Qanunvericiliyə görə, hesablanmış əməkhaqqıdan gəlir vergisi üzrə tutulmalarla bağlı işçilərin bəzi kateqoriyaları üçün güzəştlər müəyyənləşdirilib.

Aşağıda göstərilən fiziki şəxslərin vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır:

  • Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanları;
  • Azərbaycanın Milli Qəhrəmanları;
  • Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanları;
  • müharibə ilə əlaqədar əlilliyi olan şəxslər;
  • həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri) və övladları;
  • 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslər;
  • qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslər;
  • Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.

Bu şəxslərin vergi tutulmalı olan aylıq gəlirləri 200 manat məbləğində azaldılır:

  • I və II dərəcə əlilliyi olanlar (müharibə ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla);
  • sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar;
  • daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, eləcə də I dərəcə əlilliyi olan şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin) himayəçisi və ya qəyyum.


Aşağıda göstərilən fiziki şəxsin vergi tutulmalı olan aylıq gəlirləri isə 100 manat məbləğində azaldılır:

  • həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar;
  • 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar;
  • Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilər;
  • məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (Bu güzəşt mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərə şamil edilmir).

Qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı 3 nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat azaldılır.

Hesablanmış əməkhaqqıdan fiziki şəxslərin gəlir vergisi üzrə nəzərə alınan azadolmalardan biri də Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində göstərilib. Həmin maddəyə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2.500 manatadək olduqda 200 manat, illik gəliri 30.000 manatadək olduqda 2.400 manat məbləğində olan hissəsi fiziki şəxslərin gəlir vergisindən azaddır.

Misal 1: Tutaq ki, dövlət sektorunda çalışan işçinin vəzifə maaşı 1.000 manatdır. Bu halda aylıq muzdlu işdən əldə olunan gəlirdən Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən 200 manat güzəşt olaraq nəzərə alınacaq. Güzəşt çıxıldıqdan sonra qalan məbləğ 14%-lə gəlir vergisinə cəlb olunur:

1.000-200 = 800 manat;
800×14% = 112 manat.

Tutulmalar zamanı bəzi məqamlar nəzərə alınmalıdır:

1. Yuxarıda qeyd olunan 400, 200, 100 və 50 manatlıq güzəşt hüququ, himayəsində üç nəfər olan şəxsə edilən güzəşt istisna olmaqla, eyni zamanda yaranarsa, ən üstün olan güzəşt tətbiq edilir.

Misal 2: Tutaq ki, dövlət sektorunda çalışan işçi müharibə veteranı və 2-ci qrup əlildir. Himayəsində 3 nəfər var. Bu halda, aylıq muzdlu işdən əldə olunan gəlirin, müharibə veteranı üçün nəzərə alınan güzəşt daha üstün olduğu üçün, 400 manatından vergi tutulmayacaq. 2-ci qrup əlil üçün verilən 200 manat güzəşt nəzərə alınmayacaq, himayəsində 3 nəfər olduğu üçün verilən 50 manat güzəşt isə nəzərə alınacaq.

Misal 3: Dövlət müəssisəsinə 1 fevral 2022-ci ildə 900 manat vəzifə maaşı ilə əsas iş yeri kimi mühasib vəzifəsinə işə qəbul olunan və ay ərzində bütün iş günlərində (5 günlük iş refimi) tam çalışan işçi müharibə veteranı və 2-ci qrup əlildir, iş yerinə bu barədə müvafiq təsdiqedici sənədləri təqdim edib. Bu halda gəlir vergisi belə hesablanacaq:

900-(200+400) = 300 manat;
300×14% = 42 manat.

– 900 manat – işçiyə həmin ay üzrə hesablanmış əməkhaqqı;

– 200 manat – Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən azadolma;

– 400 manat – Vergi Məcəlləsinin 102.2-ci maddəsinə əsasən azadolma;

– 300 manat – fiziki şəxslərin gəlir vergisinə cəlb olunan məbləğ;

– 14% – Vergi Məcəlləsinin 101-ci maddəsinə əsasən, dövlət sektoruna nəzərdə tutulan gəlir vergisi faizi;

– 42 manat – hesablanmış əməkhaqqından tutulan gəlir vergisinin məbləği

Gördüyünüz kimi, burada qanunvericilikdə nəzərdə tutulmuş müharibə veteranı statusuna görə ən üstün olan güzəşt (400 manat) nəzərə alınıb, 2-ci qrup əlillik üçün verilən güzəşt isə nəzərə alınmayıb.


Təsisçiyə verilən borc və onun əvəzinin qaytarılması dividend hesab olunurmu?


2. Diqqət yetirilməli olan daha bir məqam işçinin əmək kitabçası saxlanılan əsas iş yerində muzdlu işdən əldə etdiyi gəlirlərə aid güzəştlərlə bağlıdır.

Misal 4: Dövlət müəssisəsində 1 aprel 2022-ci ildə 900 manat vəzifə maaşı ilə əlavə iş yeri olaraq mühasib vəzifəsinə işə qəbul olunan və ay ərzində bütün iş günlərində (5 günlük iş refimi) tam çalışan işçi müharibə veteranı və 2-ci qrup əlildir, bu barədə iş yerinə müvafiq təsdiqedici sənədləri təqdim edib. Bu halda işçinin gəlir vergisi belə hesablanacaq:

900×14% = 126 manat.

Çalışdığı müəssisə əlavə iş yeri olduğu üçün, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, güzəştlər nəzərə alınmayacaq.

3. Əvvəlki qanunvericiliyə əsasən, güzəşt əldə edən şəxs bu güzəşti əldə etməyə əsas verən təsdiqedici sənədləri təqdim etdikdən sonra güzəşt tətbiq olunurdu. Güzəşt hüququna malik şəxs sənədləri vaxtında iş yerinə təqdim edə bilmədikdə isə həmin dövr ərzində güzəştdən məhrum olurdu. Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliyə əsasən, işçi güzəşt hüququnu təsdiq edən sənədləri müəssisəyə sonradan təqdim etdikdə, güzəşt sənədlər təqdim olunan vaxtdan deyil, əmək müqaviləsi hüquqi qüvvəyə mindiyi andan hesablanır.

Misal 5: İşçi dövlət müəssisəsində 5 yanvar 2022-ci il tarixdən 900 manat vəzifə maaşı ilə əsas iş yeri olaraq mühasib vəzifəsinə işə qəbul olunub (başqa sözlə, əmək müqaviləsi həmin tarixdən hüquqi qüvvəyə minib). Ay ərzində bütün iş günlərində (5 günlük iş rejimi) tam çalışan işçi müharibə veteranıdır. Lakin bunu təsdiqləyən sənədi iş yerinə 1 fevral 2022-ci ildə təqdim edib.

Vergi Məcəlləsinin 104.2-ci maddəsinə əsasən, güzəşt işçinin yanvar ayında əldə etdiyi əməkhaqqına tətbiq ediləcək:

900-(200+400) = 300 manat;
300×14% = 42 manat.

Burada diqqətə alınmalı məqam odur ki, Vergi Məcəlləsindəki dəyişiklik 1 yanvar 2022-ci ildən sonrakı ayların əməkhaqqına tətbiq edilə bilər. Məsələn, tutaq ki, müharibə veteranı olan işçi 1 oktyabr 2021-ci ildən dövlət müəssisəsində 900 manat aylıq vəzifə maaşı ilə işə başlayıb, güzəşt hüququnu təsdiq edən sənədi isə müəssisəyə 1 may 2022-ci ildə təqdim edib. Bu zaman Vergi Məcəlləsinin 102.2.7-ci maddəsi ilə müəyyən olunmuş güzəşt əmək müqaviləsinin hüquqi qüvvəyə mindiyi 1 oktyabr 2021-ci ildən deyil, Vergi Məcəlləsinə dəyişikliyin qüvvəyə mindiyi 1 yanvar 2022-ci ildən sonrakı aylara hesablanan əməkhaqqında nəzərə alınacaq.

4. Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən, işçi əsas iş yerində çalışmaqla yanaşı, əlavə iş yerlərində də çalışa bilər. Bu zaman fiziki şəxsin gəlir vergisinə münasibətdə əsas və əlavə iş yerlərində əldə olunan qazanclar hər iş yeri üzrə ayrılıqda nəzərə alınmalıdır. Vergi Məcəlləsinin 101.1-2-ci maddəsinə əsasən, iki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrılıqda hesablanır və dövlət büdcəsinə ödənilir. Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən, işçi eyni iş yerində həm əsas, həm də əlavə iş yeri olaraq çalışa bilər. Bu hal üçün Dövlət Vergi Xidmətinin yanaşması belədir ki, həmin gəlirlər fiziki şəxsin gəlir vergisinə ayrılıqda deyil, cəmlənərək birlikdə cəlb olunmalıdır.

Misal 6: İşçi “X” MMC-də əsas iş yeri üzrə 1.500 manat, “Y” MMC-də əlavə iş yeri üzrə 1.200 manat əməkhaqqı alır. Bu halda, həmin işçinin iş yerləri üzrə əldə etdiyi əməkhaqları müvafiq icbari ödənişlərə ayrılıqda cəlb olunur. Ancaq işçi “X” MMC-də həm əsas, həm də əlavə iş yeri olaraq çalışırsa, 1.500 və 1.200 manat əməkhaqqı cəmlənərək müvafiq icbari ödənişlərə cəlb olunacaq.
Mənbə: “Əmək qanunvericiliyinin tətbiqi və əməkhaqqı hesablanması zamanı yaranan aktual məsələlərin tam praktiki izahı” kitabı.

Mənbə: vergiler.az


Təsisçidən alınan borc hansı şərtlərlə nağd qaydada qaytarıla bilər?